Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Ulu öndər Heydər Əliyevin Azərbaycanın siyasi səhnəsinin birinci şəxsi kimi fəaliyyətə başlaması və onun ölkə həyatına gətirdiyi əzəmətli inkişaf meyilləri bu gün də ölkənin ictimai-siyasi həyatında özünü əks etdirir.
Onun Azərbaycanın dünəni və bu gününə yadigar qoyduğu bir çox dəyərlər dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını sübuta yetirmək üçün ən dəyərli nümunələrdən biri kimi göstərilə bilər.
Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi Heydər Əliyev dühası Azərbaycan xalqının dövlətçilik tarixində o qədər böyük yeniliklərə, o qədər böyük işlərə imza atıb ki, onun adının önündə sadalanan titulların heç biri Onun titanik fəaliyyətini tam əhatə etmir. Çünki Ulu öndərin fəaliyyəti təkcə Azərbaycanın coğrafiyası ilə bağlı deyil və Onun bir siyasətçi kimi fəaliyyəti də Azərbaycanın etnosiyasi coğrafiyası ilə məhdudlaşmır.
Müstəqilliyin bərpasının ilk illərində dövlət idarəçiliyinin iflic vəziyyətinə düşməsi, nəinki hüquqi dövlətdən, demokratiyadan, hətta insanların təhlükəsiz yaşamaq kimi adi hüququndan danışması istəyini belə müşkülə çevirmişdi. Cəmiyyətin fəal zümrəsi olan gənclərin müxtəlif vasitələrlə bu siyasi oyunlara, qanunsuz silahlı qruplaşmalara cəlb edilməsi, məkrli tədbirlərin həyata keçirilməsində “siyasi alət” kimi istifadə olunması meyilləri xüsusən narahatlıq doğururdu. Faktiki olaraq müxtəlif silahlı qruplara bölünən, parçalanan Azərbaycan gəncliyinin enerjisindən o illərdə dövlət və dövlətçiliklə bağlı praktiki məqsədlər üçün deyil, konyunktur maraqlar naminə istifadə edilirdi.
Ulu öndərin bu mərhələdə Azərbaycan üçün ən böyük xidməti isə onun de-fakto müstəqil dövlət qurması, dövlətçilik sütunlarını möhkəmləndirməsi, tarixi ənənə və müasirlik əsasında milli inkişaf konsepsiyasını müəyyənləşdirməsi oldu. Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratdı.
Məhz bundan sonra Azərbaycan özünün dövlətçilik ənənələrini, dövlətin sütunu olan strukturların yaradılması, onların inkişafı istiqamətində çox əhəmiyyətli addımlar atmağa başladı. Ölkədə cərəyan edən hadisələri dərindən təhlil edən Heydər Əliyev yaxşı dərk edirdi ki, Azərbaycanın müstəqilliyini təmin etmək, onu möhkəmləndirmək, ölkədə demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün, ilk növbədə, ictimai-siyasi sabitlik, qanunçuluq, hüquq qaydası təmin edilməlidir.
Bu istiqamətdə ilk və vacib addımlardan biri də məhz ədliyyə sisteminin əsaslarının yaradılması məsələsi dayanırdı. Bunun nəticəsi idi ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hüquqi dövlət quruculuğu prosesi çərçivəsində ədliyyə orqanlarında əsaslı islahatlar aparıldı, ədliyyə sisteminin hərtərəfli inkişafı üzrə tarixi əhəmiyyətli qərarlar qəbul olundu, bu orqanların fəaliyyətində köklü mütərəqqi dəyişikliklərə başlanıldı. Həyata keçirilən hüquqi dövlət quruculuğu prosesi, genişmiqyaslı məhkəmə-hüquq islahatları ədalətli cəmiyyətin, demokratik hüquqi dövlətin qurulmasına yönəldi ki, Ulu öndər bu məqsədinə nail oldu.
Ədliyyə sahəsində aparılan islahatların nəticəsi olaraq Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və nüfuzu xeyli artdı və o, hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrildi. Heydər Əliyev tərəfindən ədliyyə işçilərinin peşə bayramı gününün təsis olunması da dahi rəhbərimizin Azərbaycan ədliyyəsinə xüsusi diqqət və qayğısının bariz təzahürü, insanların hüquqlarının müdafiəsinin Ulu öndər üçün nə qədər önəmli bir məsələ olduğunu göstərən növbəti önəmli məqamdır.
Məhz ümummilli liderimizin başladığı köklü islahatların nəticəsidir ki, bu gün müasir Azərbaycan ədliyyəsinin inkişafı davamlı prosesə çevrilib, onun təməlini qoyduğu hüquqi islahatlar bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla icra edilir. Eyni zamanda hazırda uğurla aparılan məhkəmə-hüquq islahatlarında Heydər Əliyevin dəst-xətinin mövcudluğu, onun hüquqi ideyalarına sadiqlik danılmazdır.
İslahatlar çərçivəsində ədliyyə işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlərin görülməsi, Ədliyyə Nazirliyinin üzərinə yeni mühüm vəzifələrin qoyulması prosesi bu gün də var gücü ilə həyata keçirilir. Bu amil də bir daha təsdiq edir ki, Azərbaycan dövləti və onun başçısı xalqının hüquqlarının və azadlıqlarının təmin olunması məsələsinə çox böyük həssaslıqla yanaşır.
Son illər ədliyyə sisteminin müasirləşdirilməsi üzrə aparılan genişmiqyaslı islahatlar nəticəsində Ədliyyə Nazirliyinin səlahiyyətlərinin genişləndirilməsi, ona hüquq-mühafizə orqanı statusu verilməsi Heydər Əliyev kursunun inamla davam etdirildiyini növbəti dəfə özündə ehtiva edir. Dahi Heydər Əliyevin müasir hüquq sistemimizin formalaşmasında müstəsna xidməti və əsəri olan Ədliyyə sistemi bu gün Ümummilli Liderin uzun illər təbliğ etdiyi və öz siyasətində hər zaman rəhbər tutduğu haqq-ədalət ideyasına əsaslanır, ondan qaynaqlanır. Bütün bu nüansları nəzərə alaraq deyə bilərik ki, Azərbaycan ədliyyəsinin yenidən və əsaslı surətdə təsis edilməsi məhz Ümummilli Liderin adı ilə bağlıdır.
Çünki Heydər Əliyevin hakimiyyəti dövründə ədliyyə və hüquq sferasında aparılmış islahatları mübaliğəsiz olaraq, tarixi və millətimiz üçün taleyüklü islahatlar hesab edə bilərik. Ulu öndərin siyasi-hüquqi baxışlarının müsbət təsirinin aşkar hiss edildiyi bugünki proseslər də hər bir azərbaycanlıda gələcəklə bağlı ancaq müsbət təəsüratlar formalaşdırır. Bütün bunlar isə bir daha onu sübut edir ki, Heydər Əliyevin dövlətçilik ideyaları bu gün də yaşayır, yaşadılır və Ulu Öndərin yolu xalqımızı yeni-yeni uğurlara, zəfərlərə hələ bundan sonra da aparacaq.
Daşqın Həsənəliyev
Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru, birinci dərəcəli ədliyyə qulluqçusu