“Azərişıq” ASC nümayəndələri Şamaxı rayonunda yerli sahibkarlarla görüşüblər.
Manset.az xəbər verir ki, 30-a yaxın sahibkar və rayon ictimaiyyəti nümayəndəsinin iştirakı ilə keçirilən görüşdə “Azərişıq” ASC-nin “ASAN xidmət”lə iş departamentinin direktor müavini, Şimal-Qərb RETSİ-nin rəhbəri, eləcə də qurumun mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi iştirak edib.
Görüş zamanı qeyd olunub ki, dövlət başçısının tapşırıqları əsasında bu gün ölkənin ucqar rayonlarında belə ötən əsrin 50-60-cı illərindən qalma elektrik şəbəkələri yeniləri ilə əvəzlənir. Müxtəlif gücdə yarımstansiyalar tikilir, şəbəkələr tamamilə yenilənir, müasir transformatorlar quraşdırılır. Müasir şəbəkələrin qurulması enerji itkisinin qarşısının alınması ilə yanaşı, əhali və qeyri-əhali abonentlərin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına hesablanıb. Bu işlər həm də işğaldan azad olunan ərazilərimizdə tam gücü ilə aparılır.
Həmçinin qurumun elektron xidmətləri barədə də sahibkarlarla maarifləndirici söhbətlər aparılıb. Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciət etmə imkanları ətraflı izah olunub. Fermerlərin müxtəlif məsələlərlə bağlı sualları dinlənilib, qaldırılan bəzi problemlər yerindəcə həll edilib.