Bakıdan Qarabağ ermənilərinə İDEAL TƏKLİF – Bunu heç kim etməz ki, Azərbaycan edir

08:50 - 02 Avqust 2023

Bakıdan Qarabağ ermənilərinə İDEAL TƏKLİF – Bunu heç kim etməz ki, Azərbaycan edir

Rusiya Cənubi Qafqazdakı mövqeyini itirmək təhlükəsini hər ötən gün daha çox hiss etməyə başlayıb. Rusiyanın Ukrayna ilə müharibəsi onu bu bölgədəki vəziyyətinə də təsirsiz ötüşmür. Bunu Moskva da çox yaxşı görür, başa düşür. Elə son günlər Avropa İttifaqı və ABŞ-ın Azərbaycanla Ermənistan arasında sülh sənədinin imzalanması istiqamətində xərclədiyi resurus Moskvanın yuxusunu əməlli-başlı qaçırıb.

Adı çəkilən tərəflər yaxşı anlayırlar ki, Ermənistanı Rusiyanın orbitindən çıxarmaq üçün başlıca vəzifə rəsmi İrəvanı Moskvanın təsirindən çıxarmaqdır. Bunun üçün isə ABŞ və Qərb siyasətçilərinə bir məsələdə gün kimi aydındır: Mütləq Bakı ilə İrəvanı sülh masasına əyləşdirib, yekun sənədin imzalanması vacibdir.

Bunu ən azı onlar qədər Rusiya da yaxşı başa düşür. Bu səbəbdən də Rusiya bölgədəki prosesləri gözdən qoymamağa, vəziyyəti kontrolda saxlamaq üçün vaxtaşırı Azərbaycan-Ermənistan sərhəddində təxribatlar törədilməsinə meyl edir. Çünkü bölgədəki gərgin vəziyyət hazırki durumda daha çox Rusiyanın işinə yarayır. 

Lakin Rusiya üçün əsas maneələrdən biri Bakıdır. Moskva onu da bilir ki, hadisələrin necə inkişaf edəcəyi Bakının bu məsələdəki mövqeyindən böyük mənada asılıdır. Ona görə də rəsmi Moskva Bakı ilə münasibətləri ilıq saxlamağa çalışır. Azərbaycan bu gün Qarabağdakı Rusiya sülhməramlılarının taleyini müəyyənləşdirəcək imkana malik ən güclü tərəfdir. 

Bu səbəbdən də iyulun 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlərinin nazirlərinin üçtərəfli görüşündə heç vaxt unutmayacağımız bir hadisənin şahidi olduq. Çıxışa hazırlaşan Rusiya xarici işlər naziri Sergey Lavrova yaxınlaşan müşaviri ona “keçmiş DQMV (Dağlıq Qarabağ Muxtar Vilayəti) termini azərbaycanlıların xoşuna gəlməyə bilər” deyib. Bundan sonra Sergey Lavrov mikrofonun açıq olduğunu görüb və onu söndürüb.

Məsələnin bir neçə maraqlı tərəfi var:

- Rusiya höküməti yaxşı bilir ki, Azərbaycan prezidentinin fərmanıyla Dağlıq Qarabağ adında çoğrafi ərazi artıq ləğv olunub, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları mövcuddur

- Müşavir Lavrovun qulağına “bu termin Azərbaycanın xoşuna gəlməyəcək” çümləsini pıçıldayıbsa deməli, Lavrov və onun müşavirləri Azərbaycanın xoşuna nəyin gəlmədiyini ya əvvəlki dövlərlə müqayisədə indi daha dəqiq bilirlər, ya da bunu ilk dəfə nəzərə almaq məcburiyyətini özlərində hiss etdilər.

Bəli, Bakı 44 günlük müharibə zamanı diplomatik və hərbi zəfərini bu gün daha da taclandırır. Rəsmi Bakı tarixi zəfərlə yaratdığı postkonflikt reallıqlarını hər ötən gün daha da dağa döndərir, Azərbaycanı istəyənlərə də, istəməyənlərə də Bakının şərtləri ilə razılaşmaqdan savayı variant qoymur. 

Bu gün Azərbaycanın əsas hədəfləri və gündəliyindəki əsas məsələlər hər kəsə bəllidir. Bunu rəsmi Bakı açıq-aydın bəyan edir. Azərbaycan Ermənistanla süldə ən maraqlı tərəfdir. Baxmayaraq ki, rəsmi Bakı bu seçimi də İrəvanın ixtiyarına buraxıb: Sülh istəmirlərsə, bizə də lazım deyil!

Prezident İlham Əliyev ötən gün "Euronews" telekanalına müsahbəsində çox aydın şəkildə Azərbaycanın mövqeyini həm Ermənistan hakimiyyətinə, həm də erməni xalqına bəyan etdi. Azərbaycan növbəti dəfə Ermənistana barışıq əlini uzatdı. "Biz Ermənistandakı ermənilərə mesaj veririk ki, biz onların dövləti ilə barışmaq istəyirik", - deyə dövlət başçısı bildirib.

Lakin bu çıxışı eyni zamanda Ermənistana bir xəbərdarlıq mesajı kimi də şərh etmək olar. Prezident İlham Əliyev Ermənistan hakimiyyətinə, erməni xalqına bəyan edib ki, onlar hazırkı geosiyasi vəziyyətdən, qüvvələr balansından aydın şəkildə xəbərdar olmalıdırlar. 

Bu, o deməkdir ki, ayağınızı yorğanınıza görə uzadın. Bİrdən yenidən Azərbaycana qarşı revanş istəyinə düşərsinizsə, əli ətəyindən uzun olan tərəf yenə siz olacaqsınız. Düzü, növbəti eskalasiya sonrası Ermənistanın nə əli qala bilər, nə də ətəyi. 

Azərbaycan lideri növbəti dəfə ermənilərə və dünya ictimiayyətinə Azərbaycanın sülh ölkəsi olduğunu çatdırdı: "Biz başqa müharibə istəmirik. Nə bu gün, nə də gələcəkdə. Digər tərəfdən, Qarabağdakı ermənilər öz “qondarma liderinin” arxasınca getməməlidirlər".

Dövlət başçısı Qarabağ ermənilərinə heç kimin etməyəcəyi, verməyəcəyi imkanları, haq-hüquqları da aydın şəkildə dilə gətirdi: "Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları və hüquqları, o cümlədən təhsil, mədəniyyət, din və bələdiyyə hüquqları ilə Azərbaycan cəmiyyətinin bir hissəsi kimi normal həyat sürəcək və manipulyasiya girovluğundan qaçacaqlar". 

Bəli, Azərbaycan Prezidenti Qarabağ ermənilərinə normal həyat təklif etdi. Cənab Əliyevi başa düşmək üçün isə proseslərə obyektib baxış çox önəmlidir. "Əlində çəkic olana hər şey mismardır" deyimi bu gün ermənilər üçün aktual hesab edilə bilər. Bu gün bu prinsip və yanaşma ilə isə nə Ermənistan, nə də onun xalqının mənsubları istəklərinə nail ola biləcəklər. Çünkü onların gələcəyi ilə bağlı ən ideal təklif məhz rəsmi Bakıdan gəldi. Hər bir Qarabağ ermənisi bilməlidir ki, onların bu gün təhlükəsizliyinin ən böyük qarantı Azərbaycan lideridir. 

Atabəy Türkel


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az