Bir müddət bundan əvvəl Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) birləşdiyini elan edib. Onlar Azərbaycan Kinematoqrafçılar Birliyi (AKB) adı altında fəaliyyət göstərəcəklər. Lakin bu birliyə kimin sədrlik edəcəyi hələki məlum deyil. Bunun üçün qurultay keçirilməli, yeni sədr və müavinlər seçilməlidir. Beləki, Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Respublika Kinematoqrafçılar İttifaqı sonradan yaranan qurum idi.
Bəs, fəaliyyət göstərən hər iki ittifaq indiyədək hansı yaddaqalan işlər gördü?
Mövzu ilə bağlı Manset.az açıqlamasında Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq artisti Tariyel Qasımov bildirib ki, əgər məndən fikrimi soruşursuzsa onların heç biri, nə Rasim, nə Şəfiqə bu işə yaramır:
“Hər iki ittifaq rəhbəri ancaq özləri üçün işlədi, özləri üçün yığdı, özləri getdi istirahətə... Heç biri incəsənət xadimlərinə xidmət etmədi. Mən SSRİ Kinematoqrafçılar İttifaqı üzvüyəm. Bunlara ehtiyacım yoxdur və bunların ittifaqından çıxmışam. Onların heç biri Kinematoqrafçılar İttifaqı sədri olmağa yaramır. Bundan sonra mən heç kinematoqrafiyanı tanımayacam. Mənə belə kinematoqrafiya lazım deyil. Bu sahəyə bacarıqlı, insaflı, kinoya qulluq edən adam lazımdır. Yeni birlikdə Şeyx Əbdülü görmək istəyərəm. O, əsl kinoçudur və əsl təşkilatçı qabiliyyətə malikdir. Həmçinin, Ənvər Həsənovun adını çəkə bilərəm. Bununla belə onların həm yaşları çoxdur, həm də səhhətlərində problem var. Bir qədər cavan olan rejissor sədr seçilsə daha yaxşı olar. Ən yaxşı və ən istedadlısı Cəmil Quliyevdir. O əsl kino və kinematoqrafiya işçisidir. Bir sıra mühim vəzifələrdə çalışıb. Rəhbərlik qabiliyyəti çox yaxşıdır. O olsa hər şey cənnət olar. Məsələn, əgər Cəmil Quliyev seçilsə və desə ki, Tariyel müəllim sən lazımsan. Gəl burda bu lenti daşı o biri binaya. Gedib böyük məmnuniyyətlə daşıyaram. Çünki o əsl kino adamıdır”.
“Şəfiqə Almaniyadan mənə gələn önəmli dəvəti gizlətmişdi”, - deyən Xalq artisti Tariyel Qasımov qeyd edib ki, hətta televiziyada çıxış edəndə o ittifaqın üzvlük vəsiqəsini cırdım tulladım:
“Mən o zaman Şəfiqənin rəhbərlik etdiyi ittifaqdan çıxdım. Buna səbəb o idi ki, məni Almaniyaya kinoya çağırmışdılar, amma Şəfiqə bunu mənə bildirmədi. Moskvadan bura teleqram vurublar ki, aktyorunuz Almaniyaya getməlidir. SSRİ məkanı olduğundan bunun üçün birinci Moskvaya getməli idim. Çünki işlər orda həll olunurdu. Bir aydan sonra mənə zəng etdilər ki, sizi çağırırlar Almaniyada kinoya çəkilməlisiz. Siz niyə cavab vermirsiz? Daha sonra SSR Xalq artisti Şöhrət Abbasov məni 11 seriyalı filminə çəkmişdi. Onun yubileyinə məni dəvət ediblər. Şəfiqə həmin teleqramı da məndən gizlədib. Axrıncı gün yenə mənə zəng gəldi ki, siz gələcəksiz ya yox? Şöhrət Abbasovun yubileyində çıxış etməlisiz. Dedim ki, məni kim çağırdı ki? Bildirdilər ki, 3-4 gündür SSR Kinematoqrafçılar İttifaqı sizin ittifaqa xəbər göndərib. Həmin o gündən mən Şəfiqənin ittifaqından çıxdım. Təcili Moskvaya yola düşdüm. Axşam orda çıxış etdim. Gələndən sonra Şəfiqəyə dedim ki, nə üçün xəbər etməmisiz? Deyir nə xəbər edəcəkdik ki? Yəni heç olmasa deyərdi ki, sənə teleqram gəlib. O elə başa düşür ki, belə də olmalıdı. İttifaq məni özü Şöhrət Abbasovun 70 illik yubileyinə göndərməli idi”.
Xalq artisti qeyd edib ki, Rasim Balayevin vaxtında öz etirazımı bildirmişəm:
“Mən hələ etirazımı Rasim Babalayevin vaxtında o ittifaqdan çıxaraq bildirmişəm. O vaxt Kinematoqrafçılar İttifaqının xətti ilə Şəkiyə sanatoriyaya gedilirdi. Bizim ittifaqın üzvlərinin sanatoriyası var. Rasimə bir dəfə dedim ki, mən istəyirəm ailəm ilə ora gedim. Dedi orda bəyəm sanatoriya var? Məni göndərmədi. Sonra eşitdim ki, özü ailəsi ilə ora gedib”.
Manşet.az