Dünyada milyonlarla insanda müşahidə olunan Alzheimer xəstəliyinin, zehni stimullaşdıran fəaliyyətlərlə "gecikdirilməsinin" mümkün olduğu məlum olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin alimləri tərəfindən aparılan yeni bir araşdırma ömür boyu öyrənmə və zehni stimullaşdıran fəaliyyətlərin Alzheimer xəstəliyinin yaranmasını gecikdirməyə və geriləməni yavaşlatmağa kömək edə biləcəyini ortaya qoyub. Araşdırmada həyat boyu yeni biliklər əldə etməyin və zehni işlədən fəaliyyətlərə qatılmağın insanları Alzheimerdən qoruduğu məlum olub.
Bu araşdırma Şikagodakı Rush Universiteti Tibb Mərkəzindən alimlərin başlanğıcda demans diaqnozu qoyulmamış və yaşları 53 ilə 100 arasında dəyişən təxminən 2 min yaşlı böyüklərin səkkiz il ərzində izlənilməsi ilə aparılıb.
Təcrübə iştirakçılarından gənclik, orta yaş və irəliləmiş yaş dövrlərində təhsil və digər zehni stimullaşdırıcı fəaliyyətlərə maraqları soruşulub və geniş bir nevroloji test tətbiq edilib. Araşdırma nəticəsində alimlər oxuma, yazma, başqa bir dil öyrənmə, şahmat oynama, tapmaca həll etmə və ya muzey ziyarətləri kimi zehni stimullaşdırıcı fəaliyyətlərə müntəzəm olaraq qatılan insanlarda demansın inkişaf etmə ehtimalının daha aşağı olduğunu müəyyən ediblər.
Dünyada 57 milyondan çox insanın bu xəstəliklə yaşadığı təxmin edilir.