“Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” adlı tədbir keçirilib - FOTO

20:53 - 04 Noyabr 2023

“Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” adlı tədbir keçirilib - FOTO

Azərbaycan Milli Konservatoriyasında Yasamal Rayon İcra Hakimiyyəti və  YAP Yasamal rayon təşkilatı ilə birgə “Tarix yazan əbədiyaşar Lider” adlı bayram tədbiri keçirilib.

 

Manset.az xəbər verir ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Adil Əliyev, Milli Məclisinin deputatları- Mahir Abbaszadə, Səbinə Xasayeva və Ülvi Quliyev, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Yasamal Rayon İcra Hakimiyyətinin və YAP Yasamal rayon təşkilatının əməkdaşları, Yasamal rayonu üzrə hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

Tədbirin rəsmi hissəsindən öncə Azərbaycan Milli Konservatoriyasında yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi Zəfər Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək qeyd edib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktından sonra Azərbaycan işğala son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu mərdliklə vuruşaraq əsl qəhrəmanlıq dastanı yazdı. Döyüş meydanında şanlı tarix yazan Ordumuz Ermənistanı məğlubiyyətə uğradaraq 30 ilə yaxın işğala son qoydu və dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi ilə bərabər Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə endirdi. Artıq “Dəmir Yumruq” qarşısında tab gətirə bilməyəcəyini anlayan Ermənistan məğlubiyyətini etiraf etməli idi və belə də oldu. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat 30 ildən artıq davam edən münaqişəyə son qoydu və beləliklə, Ordumuzun əldə etdiyi hərbi Zəfər siyasi müstəvidə qazanılan qələbə ilə tamamlandı.

Çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbənin Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara həkk olunduğu bildirdi. Qeyd edildi ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Qarabağ azad edilib və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Xankəndi şəhərində Azərbaycan bayrağının dalğalanması bizim tarixi qələbəmizdir.İcra başçısı Elşad Həsənov  bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 8 noyabr 2020-ci il tarixində Şuşanın ermənilərdən azad edilməsi münasibətilə xalqa müraciəti böyük tarixi bir hadisə oldu.Uzun illər boyu bütün Azərbaycan xalqı belə bir çıxış gözləyir və arzular qururdu. Bu gün Azərbaycan bayrağı Şuşada və digər azad edilmiş torpaqlarımızda dalğalanır.Qarabağda böyük miqyaslı quruculuq və bərpa işləri həyata keçirilir.Milli-mədəni abidələrimiz bərpa edilir. Bu mənada Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əməyini xüsusi vurğulamaq lazımdır.

Yekun nitqlə çıxış edən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Adil Əliyev çıxış edərək qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Silahlı Qüvvələrimizin qazandığı hərbi zəfər Azərbaycanın müstəqillik tarixinin müstəsna əhəmiyyətli hadisələrindəndir. Tarixə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirilib, Azərbaycan torpaqlarının böyük bir hissəsi işğaldan azad olunub. Döyüş meydanında qazanılan böyük Zəfər siyasi-diplomatik müstəvidə də təsdiqlənib, Ağdam, Kəlbəcər və Laçın rayonlarının dinc yolla Azərbaycana qaytarılması nəticəsində tarixi ədalət bərpa olunub. Azərbaycan BMT-nin, digər beynəlxalq təşkilatların qərarlarının icrasını öz gücü ilə təmin edib, uzun illər ərzində dövlətimizin inkişafına mane olan “Ermənistan-Azərbaycan münaqişəsi”nə son qoyub. Qeyd olunub ki,  bu gün Azərbaycan bayrağı Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanır. Erməni vandalları tərəfindən viran qoyulmuş şəhər və kəndlərimizin bərpası ilə bağlı irimiqyaslı layihələr icra olunur. Bütün layihələrin həyata keçirilməsinə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva gündəlik diqqət göstərir və nəzarət edirlər.

Tədbirə bədii hissə ilə yekun vurulub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az