15-16 noyabr 2023-cü il tarixində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı və İnformasiya Texnologiyaları İnstitutunun ev sahibliyi ilə ali təhsil müəssisələrinin və elmi-tədqiqat institutlarının nümayəndələri (analitiklər, kitabxanaçılar, elmmetriya üzrə əməkdaşlar və s.) üçün “Web of Science” elmmetrik bazasından istifadənin daha səmərəli təşkili məqsədilə təlimlər keçiriləcək.
Manset.az xəbər verir ki, “Clarivate Analytics” şirkətinin nümayəndələri tərəfindən “Effektiv məlumat axtarışı”, “Elmi jurnallarla iş”, “Web of Science bazasında müəllif və müəssisə profili” kimi mövzularda 2 gün davam edən təlimlərdə qeyd olunan mövzular ətrafında məlumatlandırma sessiyaları təqdim olunacaq və iştirakçıların sualları cavablandırılacaq.
Qeyd edək ki, cari ilin 13 iyul tarixində ölkədə fəaliyyət göstərən bütün ali təhsil müəssisələri və elmi-tədqiqat institutları üçün “Web of Science” elmmetrik bazasına çıxış imkanının təmin edilməsi məqsədi ilə “Clarivate Analytics” şirkəti ilə müqavilə imzalanıb.