Rusiya və Çin arasında turist qrupları üçün vizasız gediş-gəliş haqqında saziş yenilənəcək.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya İqtisadi İnkişaf Nazirliyinin (İİN) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, dəyişikliklər turist qrupunun minimum tərkibinin azalmasına və qəbul edən dövlətin ərazisində qalma müddətinin artmasına təsir edəcək.
"Turist axınının həcmini genişləndirmək üçün görüş iştirakçıları vizasız qrup səfərləri haqqında sazişi yeniləmək barədə razılığa gəliblər. Əsas dəyişikliklər fonunda turist qrupunun minimum tərkibinin beş nəfərdən üç nəfərə endirilməsi təklif olunur. Həmçinin turist qrupunu qəbul edən dövlətin ərazisində qalma müddətinin 15 gündən 21 günə qədər artırılması təklif edilir", - deyə məlumatda bildirilib.
Turist qrupları üçün vizasız gediş-gəliş haqqında sazişə edilən dəyişikliklər 2024-cü ilin sonuna qədər qüvvəyə minə bilər.
Qeyd edək ki, Rusiya və Çin arasında qrup vizasız mübadilə mexanizmi 2023-cü il avqustun 1-dən işə salınıb. Son bir il ərzində 580 000 rus və çinli turist bu mexanizmdən istifadə edib.