“Samsung” Almaniyanın “FlaktGroup” şirkətini 1,5 milyard avroya alır
Manset.az-ın əldə etdiyi məlumata görə, Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung Electronics” Almaniyanın havalandırma, istilik və kondisioner sistemləri istehsalçısı “FlaktGroup”u 1,5 milyard avroya almağa razılaşıb.
Şirkətdən verilən məlumata görə, “FlaktGroup”un sahibi olan özəl investisiya fondu “Triton” bu satınalma təklifini qəbul edib. Müqavilənin cari ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.
“Samsung Electronics” bu addımı məlumat mərkəzlərinin soyudulmasına artan tələbatla izah edib. Qeyd edək ki, bu cür mərkəzlər süni intellekt layihələrinin işlənməsi üçün böyük əhəmiyyət daşıyır.
Məlumat üçün bildirək ki, “FlaktGroup” Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində fəaliyyət göstərir. Bu, “Samsung Electronics”in son 8 ildə həyata keçirdiyi ən iri satınalma əməliyyatıdır.