Pakistanın cənubunda yerləşən Bəlucistan əyalətində baş verən bombalı hücum nəticəsində 2 nəfər həlak olub, 11 nəfər yaralanıb.
Manset.az xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb.
Məlumata görə, insident Bəlucistan əyalətinin Kila Abdullah rayonunda qeydə alınıb. Hücum orduya bağlı “Cəbhə Korpusu” (Frontier Corps – FC) adlı yarımhərbi birliyin obyektinin yaxınlığında həyata keçirilib.
Polisin yaydığı ilkin məlumatda bildirilir ki, partlayıcı maddə avtomobilə yerləşdirilərək məsafədən partladılıb. Hadisə nəticəsində iki nəfər həyatını itirib, daha 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə ilə bağlı araşdırma aparılır. Hələlik hücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.