Fransanın Xarici Kəşfiyyat Xidməti (DGSE) “Telegram” platformasının qurucusu Pavel Durovun irəli sürdüyü iddialara münasibət bildirib.
Manset.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, DGSE-nin yaydığı açıqlamada qeyd olunur ki, kəşfiyyat nümayəndələri Durovla bir neçə dəfə görüş keçirib. Görüşlərin məqsədi “terrorizm və uşaq pornoqrafiyası təhlükələrinin qarşısının alınmasında onun məsuliyyətini xatırlatmaq” olub. Lakin bu görüşlərin nə vaxt keçirildiyi və kimlərin iştirak etdiyi açıqlanmır.
DGSE Durovun səsləndirdiyi ittihamları təkzib edib. Açıqlamada bildirilir: “Kəşfiyyat xidməti bu hallarda hər hansı seçki prosesi ilə bağlı hesabların bloklanması üçün müraciətlərin olması barədə iddiaları qəti şəkildə rədd edir”.
Qeyd edək ki, Pavel Durov mayın 18-də bəyanat yayaraq, Fransa kəşfiyyatının rəhbəri Nikolas Lernerin ondan Rumıniyada keçiriləcək prezident seçkiləri öncəsi “mühafizəkar səsləri susdurmaq” və bəzi “Telegram” kanallarını bloklamağı tələb etdiyini iddia edib.
Fransanın Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı açıqlama verərək bu iddiaları təkzib edib.