Mesajlaşma tətbiqləri həyatımızın ayrılmaz hissəsinə çevrilib. Xüsusilə böyük qruplarda və işgüzar söhbətlərdə yığılmış çoxsaylı mesajları bir-bir oxumaq bəzən ciddi vaxt itkisinə səbəb olur. Bu problemi aradan qaldırmaq üçün “WhatsApp” yeni bir funksiya üzərində çalışır.
Manset.az xarici mediaya istinasdən xəbər verir ki, tətbiqin iOS platforması üçün buraxılan 25.15.10.73 nömrəli beta versiyasında süni intellekt dəstəyi ilə çatlardakı uzun və çoxsaylı mesajların avtomatik şəkildə ümumiləşdirilməsi funksiyası sınaqdan keçirilir.
Yeni funksiyanın köməyi ilə fərdi və qrup söhbətləri, eləcə də kanallardakı mesajlar qısa xülasəyə çevrilə biləcək. Bu isə istifadəçilərə onlarla mesaj oxumadan söhbətin ümumi mövzusunu anlamaq imkanı yaradacaq.
Xülasələr söhbət ekranında yerləşdirilən xüsusi düymə vasitəsilə əlçatan olacaq və Meta şirkəti tərəfindən hazırlanmış təhlükəsiz infrastruktur üzərində işləyəcək. WhatsApp vurğulayır ki, mesajlara nə Meta, nə də üçüncü tərəflər tərəfindən baxılmayacaq. Yekunlaşdırma prosesi tam şəkildə şifrələmə və məxfilik prinsiplərinə əsaslanacaq.
Qeyd edək ki, bu sistem yalnız istifadəçinin razılığı ilə aktivləşdiriləcək. Təkmil məxfilik rejimi aktiv olan çatlarda bu funksiya istifadəyə verilmir. Bu isə WhatsApp-ın məxfilik məsələlərinə həssas yanaşdığını göstərir.
Yeni funksiyanın xüsusilə böyük qrup söhbətlərində vacib məlumatların daha tez dərk edilməsi baxımından əhəmiyyətli olduğu bildirilir. Ekspertlər bu yeniliyi “WhatsApp”ın məhsuldar süni intellekt inteqrasiyası istiqamətində atdığı mühüm addımlardan biri kimi qiymətləndirir.
Hazırda test mərhələsində olan funksiyanın bütün istifadəçilərə nə zaman təqdim olunacağı isə hələlik açıqlanmayıb. Lakin beta testlərdən müsbət nəticələr əldə olunacağı təqdirdə, xüsusiyyətin yaxın vaxtlarda ümumi istifadəyə verilməsi gözlənilir.