Türkiyənin Diyarbəkir şəhərinin Bağlar rayonunda qətli törədildikdən 19 gün sonra cəsədi dərə yatağında tapılan 8 yaşlı Narin Güranın ölüm işi ilə bağlı yeni mərhələyə keçilib.
Manset.az türk mediasına istinadən xəbər verir ki, azyaşlının qətli ilə əlaqədar həbs edilən böyük qardaşı Enes Güran hüquqşünasları vasitəsilə Ali Məhkəməyə müraciət edib.
Qeyd edək ki, 2023-cü il avqustun 21-də itkin düşən Narin Güranın cansız bədəni dərə yatağında çuvalda tapılıb. Çuvalın üzəri 30, 25 və 20 kiloqramlıq daşlarla örtülmüş, cəsəd kolların arasında gizlədilmişdi. Məhkəmə araşdırmaları nəticəsində azyaşlının ölümündə 4 nəfərin iştirak etdiyi müəyyən edilib.
Diyarbəkir 8-ci Ağır Cəza Məhkəməsində aparılan istintaq zamanı məlum olub ki, Narin Güranın DNT və saç nümunələri əmisi Səlim Güranın avtomobilində aşkarlanıb. İttiham olunanlar arasında azyaşlının anası Yüksel Güran, böyük qardaşı Enes Güran və qonşuları Nevzat Bəhtiyar da var. Nevzat Bəhtiyar istintaq zamanı cəsədi dərə yatağına apardığını etiraf edib.
2023-cü il dekabrın 26-da başlayan və dekabrın 28-də yekunlaşan məhkəmə prosesində Səlim Güran, Yüksel Güran və Enes Güran “uşağı qəsdən öldürməkdə iştirak” maddəsi ilə ağırlaşdırılmış ömürlük azadlıqdan məhrum ediliblər. Nevzat Bəhtiyar isə “cinayəti gizlətmək və sübutları saxtalaşdırmaq” ittihamı ilə 4 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.
Məhkəmə həmçinin təqsirləndirilən şəxslərin həbsdə qalmasına qərar verib.