Qərbi Avropa ölkələrində həddindən artıq isti hava səbəbindən İspaniya və Portuqaliyada termometrlər 46 dərəcəni göstərərək yeni temperatur rekordları qırılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İspaniyanın Huelva şəhərində və Portuqaliyanın paytaxtı Lissabon yaxınlığında temperatur 46 dərəcədən yüksək olub.
İtaliya və Fransada da isti hava meşə yanğınlarının artmasına səbəb olub. İtaliyada 17 bölgə, o cümlədən Roma, Milan və Florensiya kimi şəhərlər yanğın riski səbəbindən qırmızı həyəcan vəziyyətinə gətirilib. Fransada isə 84 əyalətdə narıncı həyəcan elan olunub, bəzi məktəblərdə tədris dayandırılıb.
Belçika və Hollandiya isə isti havanın şimala doğru yayılması səbəbindən həyəcan siqnalı verilib. Belçika Kral Meteorologiya İnstitutu ölkədə çərşənbə gününə qədər temperaturun 38 dərəcəyə çatacağını və yüksək rütubətlə birləşərək tənəffüs və ürək xəstəlikləri olanlar üçün risk yaradacağını xəbərdarlıq edib. Vətəndaşlara zərurət olmadıqca çöldə olmamaq və maye qəbulunu artırmaq tövsiyə olunur.