Danimarka parlamenti iyunun 11-də qəbul etdiyi qanuna əsasən, 18 yaşdan yuxarı bütün qadınlar da məcburi hərbi xidmətə çağırılacaq. Qanuna görə, qadınlar kişilərlə birlikdə lotereya sistemi vasitəsilə hərbi xidmətə seçiləcəklər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hazırda Danimarka qanunlarına görə, 18 yaşdan yuxarı kişilər üçün hərbi xidmət məcburidir, lakin xidmətə çağırılanlar lotereya yolu ilə müəyyən olunur, çünki könüllülərin sayı kifayət qədərdir. İndiyədək qadınlar yalnız könüllü əsasda orduya qoşula bilirdilər.
Yeni qanunla məcburi hərbi xidmət müddəti 4 aydan 11 aya qədər artırılacaq. Xidmətə çağırılanlar ilk 5 ay ilkin hərbi hazırlıqdan keçəcək, sonrakı 6 ay ərzində isə əməliyyat təlimləri alacaqlar.
Danimarkada 6 milyon əhali yaşayır və ölkədə hazırda 9000 peşəkar əsgər fəaliyyət göstərir. Hökumət 2033-cü ilə qədər hər il orduda 6500 yeni çağırışçı olmasını planlaşdırır.