Perunun şimalındakı Barranka bölgəsində aparılan arxeoloji qazıntılar nəticəsində eramızdan əvvəl 1800-1500-cü illərə aid qədim “Peniko” qəsəbəsi tapılıb. Sakit okean sahillərində yerləşən bu qədim yaşayış məntəqəsi, arxeoloqların fikrincə, And dağları və Amazon hövzəsindəki yerli icmalarla ticarət əlaqələrini təmin edən strateji mərkəz olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Limadan təxminən 200 kilometr şimalda, dəniz səviyyəsindən 600 metr yüksəklikdə yerləşən Penikonun eyni dövrdə Mesopotamiya, Misir və Hindistan kimi böyük sivilizasiyalarla paralel şəkildə inkişaf etdiyi qeyd edilir.
Peniko, Amerika qitəsindəki ən qədim sivilizasiyalardan biri olan Caral şəhərindən bir qədər uzaqda yerləşir. Caral sivilizasiyası təxminən 5000 il əvvəl Perunun Supe vadisində inkişaf etmiş və böyük piramidaları, inkişaf etmiş kənd təsərrüfatı sistemləri ilə tanınır.
Səkkiz illik qazıntılar zamanı Peniko ərazisində 18 fərqli tikili, o cümlədən mərasim məbədləri, yaşayış kompleksləri və ictimai binalar aşkarlanıb. Şəhərin mərkəzində dağın yamacında inşa olunmuş dairəvi terras tikilisi xüsusi diqqət çəkir.
Qazıntılar zamanı gil heykəlciklər, insan və heyvan fiqurları, eləcə də dəniz qabığından hazırlanmış boyunbağı kimi mərasim əşyaları tapılıb. Bu tapıntılar, Penikonun ticarət mərkəzindən əlavə, dini və mədəniyyət funksiyalarını da yerinə yetirdiyini göstərir.