Cənubi Koreya alimləri qarayara xəstəliyinə qarşı daha təhlükəsiz və effektiv qoruma təmin edəcək dünyada ilk rekombinant zülal əsaslı peyvəndi hazırlayıb.
Manset.az xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, “Baritraks” adlı bu yeni nəsil peyvənd Cənubi Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Agentliyi (KDCA) tərəfindən hazırlanıb və bu ilin aprel ayında ölkənin Qida və Dərman Təhlükəsizliyi Nazirliyi tərəfindən rəsmi şəkildə təsdiqlənib.
Mövcud peyvəndlərdən fərqli olaraq, “Baritraks” bütün patogendən istifadə etmədən, yalnız immunitet sistemini aktivləşdirəcək kiçik miqdarda zülal komponentləri ilə hazırlanıb. Bu yanaşma nəticəsində peyvəndin yan təsirləri əhəmiyyətli dərəcədə azaldılıb.
Peyvəndin hazırlanmasında əsas məqsəd qarayara bakteriyasının istehsal etdiyi toksinlərə məruz qalma riskini aradan qaldırmaq olub. Rəsmi məlumatda qeyd olunub ki, yeni peyvənd bu təhlükəni minimuma endirərək daha təhlükəsiz immunizasiya mühiti yaradır.