İrlandiyaya səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsini dörd naməlum pilotsuz uçuş aparatı təqib edib.
Manset.az xəbər verir ki, bu barədə İrlandiyanın “The Journal” nəşri mənbələrə istinadən məlumat yayıb.
Hadisə dekabrın 1-də baş verib. Mənbələr jurnalistlərə bildiriblər ki, 4 naməlum dron uçuş qadağasını pozaraq Dublin hava limanına gedən Ukrayna prezidentinin təyyarəsi ilə eyni trayektoriya ilə gedib.
Mənbələrin məlumatına görə, pilotsuz təyyarələr Dublinin şimal-şərqindən havaya qalxıb. Pilotsuz təyyarələrin qurudan, yoxsa aşkarlanmayan gəmidən gəldiyi hələlik məlum deyil. Nəşr əlavə edib ki, pilotsuz təyyarələr daha sonra Zelenskinin səfərindən bir qədər əvvəl İrlandiya dənizində gizli şəkildə yerləşdirilən İrlandiya Hərbi Dəniz Qüvvələrinə məxsus LÉ William Butler Yeats gəmisinin üzərində dövrə vurub. Mənbələr jurnalistlərə bildiriblər ki, yerli hüquq-mühafizə orqanları artıq araşdırma aparır.