"Atletiko" klubda icarə əsasında çıxış edən "Yuventus"un vingeri Nikolas Qonsalesin transfer hüquqlarına birdəfəlik sahib olmaqla bağlı yekdil qərara gələ bilmir.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, Madrid təmsilçisi 27 yaşlı futbolçunu mövsümün sonunda 32 milyon avro qarşılığında transfer etmək hüququna malikdir. Lakin klub rəhbərliyi arasında bu məsələ ilə bağlı fikir ayrılığı yaranıb.
Məlumata görə, müqavilədəki məcburi satınalma bəndi yalnız o halda qüvvəyə minəcək ki, Qonsales mövsüm ərzində oyunların 60 faizində ən azı 45 dəqiqə meydanda olsun. Hazırda klubun heyətində 27 matça çıxan vinger cəmi 3 qol vura bilib.
Xatırladaq ki, argentinalı futbolçunun "Yuventus"la müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. "Transfermarket" portalı onun bazar dəyərini 24 milyon avro qiymətləndirir. Bu isə Madrid klubunun ödəməli olduğu məbləğdən (32 mln) xeyli aşağıdır.