ABŞ Prezidenti Donald Tramp İranla saziş əldə etmək üçün yaxşı şansın olduğunu bildirib.
Manset.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Nəşr bildirib ki, danışıqlar zamanı son anda razılaşma və ya heç olmasa atəşkəsin uzadılması əldə edilə bilər.
"Özümü yaxşı hiss edirəm. Razılaşma konsepsiyası hazırlanıb. Düşünürəm ki, onu tamamlamaq üçün çox yaxşı şansımız var", - Tramp "Axios"a qısa telefonla müsahibəsində bildirib.
Eyni zamanda, portal qeyd edib ki, Tehran İranın danışıqlarda iştirakını təkzib edir və Trampın əsl niyyətinin müharibəni yenidən başlamaq ola biləcəyini hesab edir.
Bazar günü İranın dövlət teleradio şirkəti (IRIB) planlaşdırılan danışıqlar barədə məlumatları təkzib edərək bildirib ki, Tramp administrasiyasının "əsassız və qeyri-real tələbləri, tez-tez mövqe dəyişikliyi, daimi ziddiyyətlər" və Hörmüz boğazında İran limanlarının davam edən blokadası "məhsuldar danışıqlar üçün heç bir aydın perspektiv qoymur".
Daha əvvəl ABŞ tərəfindən Amerika nümayəndə heyətinin Pakistan paytaxtına getməsi, o cümlədən ona kimin rəhbərlik edəcəyi ilə bağlı ziddiyyətli məlumatlar yayılıb. Əvvəlcə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi "ABC News"a bildirib ki, vitse-prezident Cey Di Vens danışıqlara qatılacaq və İslamabadda nümayəndə heyətinə rəhbərlik edəcək. Tramp sonra eyni media orqanının əməkdaşı ilə söhbətində açıqlamanı təkzib edərək, Vensin təhlükəsizlik səbəbləri ilə danışıqlarda iştirak etməyəcəyini vurğulayıb. Lakin qısa müddət sonra CNN Ağ Evin yüksək vəzifəli rəsmilərinə istinadən vitse-prezidentin Trampın açıqlamalarının əksinə olaraq Pakistandakı danışıqlarda Amerika nümayəndə heyətinə rəhbərlik edəcəyini bildirib.