Aparılan yeni tədqiqatlar Süd Yolu qalaktikasının quruluşu ilə bağlı diqqətçəkən faktı üzə çıxarıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, “Astronomy & Astrophysics” elmi jurnalında dərc olunan araşdırma Süd Yolu qalaktikasının ulduz yaranma tarixi ilə bağlı mühüm nəticələr ortaya qoyub. Tədqiqat çərçivəsində APOGEE, LAMOST və Gaia səma müşahidə proqramlarından əldə edilən 100 mindən artıq nəhəng ulduzun yaş göstəriciləri araşdırılıb.
Tədqiqat Süd Yolu qalaktikasında ulduzların yaşı ilə qalaktika mərkəzinə olan məsafə arasında “U” formasında əlaqənin mövcud olduğunu göstərib. Nəticələrə görə, qalaktikanın mərkəzinə yaxın ərazilərdə ulduzlar xeyli yaşlıdır. Bunun əsas səbəbi mərkəz ətrafında sıx şəkildə toplanmış qaz və toz buludlarının ulduz yaranması prosesini qalaktikanın ilkin dövrlərindən etibarən başlamasıdır.
Qalaktika mərkəzindən uzaqlaşdıqca qazın sıxlığı azalır və ulduz yaranması prosesi zəifləyir. Bu səbəbdən orta bölgələrdə daha gənc ulduzlara rast gəlinir. Lakin təxminən 40 min işıq ili məsafədə diqqətçəkən dəyişiklik müşahidə olunur: ulduzların yaşı yenidən artmağa başlayır.
Alimlər müəyyən ediblər ki, bu “qırılma nöqtəsi”ndən kənarda yerləşən yaşlı ulduzların böyük hissəsi əslində həmin bölgədə yaranmayıb. Onların Süd Yolunun daxili hissələrində formalaşdığı və zaman keçdikcə qalaktikanın mərkəzindəki çubuqvari strukturun, eləcə də spiral qolların yaratdığı cazibə təsiri nəticəsində xarici bölgələrə doğru sıxışdırıldığı ehtimal edilir. Tədqiqatçılar bu cür ulduzları “köçəri ulduzlar” adlandırırlar.