Türkiyəli tanınmış müğənni Mabel Matizə bəraət verilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, mahnılarından birinin sözlərinə görə “ədəbsizlik” ittihamı ilə İstanbulun 54-cü Birinci İnstansiya Cinayət Məhkəməsində açılmış iş üzrə yekun məhkəmə iclası bu gün keçirilib.
“Perperişan” adlı mahnının mətnində ədəbsiz təsvirlərin yer aldığı və əsərin rəqəmsal platformalarda yaş məhdudiyyəti qoyulmadan yayımlandığı iddiası əsasında “ədəbsiz nəşrlərin yayılmasına şərait yaratmaq” maddəsi ilə 6 aydan 3 ilədək azadlıqdan məhrumetmə cəzası tələbi ilə mühakimə olunan, əsl adı Fatih Karacan olan Mabel Matizin məhkəmə prosesi davam etdirilib.
İstanbulun 54-cü Birinci İnstansiya Cinayət Məhkəməsində keçirilən iclasda Mabel Matiz iştirak etməyib, onu vəkilləri təmsil edib.
İttiham tərəfinin yekun rəyinə qarşı çıxış edən vəkil bildirib: “Bu gün kənd toylarında səslənən mahnılardan narahat olmayan bir kəsimin, müdafiə etdiyim şəxsin mahnısındakı cəmi bir cümlədən narahat olması inandırıcı görünmür”.
Məhkəmə yekun iclasda cinayət əməlini təşkil edən hüquqi ünsürlərin formalaşmadığı qənaətinə gələrək, Mabel Matizin bəraət almasına qərar verib.