Hörmüz boğazında qayda pozan, İranın müəyyən etdiyi marşrutdan kənar üzən gəmilər təhlükə altındadır.
Manset.az Tasnim-ə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi və "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının komandanı Əli Abdullahinin bəyanatında bildirilib.
"İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələri Fars körfəzinin sahillərinə, adalara, Hörmüz boğazına tam nəzarət edir, bu bölgədəki fəaliyyət ciddi nəzarət altındadır", - o deyib.
Abdullahinin sözlərinə görə, ABŞ-nin Hörmüz boğazının açıq olması barədə iddialarının əksinə olaraq, bu strateji su yolu tamamilə bağlıdır və SEPAH-ın nəzarətindədir:
"Ordu Oman dənizinin açıq sularına, sahillərinə tam nəzarət edir və qoruyur, düşmənin bölgədəki bütün hərəkətlərini izləyərək qaydanı pozan gəmilərin keçməsinə icazə vermir. Hər hansı bir səbəbdən müəyyən edilmiş marşrutdan və İranın tərtibatlarından kənar hərəkət etmək istəyən gəminin təhlükəsizliyi risk altına düşəcək və ciddi zərər görəcək".