İraqın Nəsiriyyə və Bəsrə şəhərlərini birləşdirən avtomobil yolunda sərnişin avtobusunun aşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza zamanı 21 nəfər həyatını itirib, 19 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İraq mətbuatının yaydığı məlumata görə, ölkənin cənubunda yerləşən Nəsiriyyə və Bəsrə şəhərləri arasındakı magistral yolda baş verən hadisə nəticəsində həlak olanlar arasında İran vətəndaşları da var.
İraqın səhiyyə naziri Əbdülhüseyn əl-Musəvi qəza ilə bağlı açıqlamasında yaralılara zəruri tibbi yardımın göstərilməsi üçün bütün imkanların səfərbər olunması barədə göstəriş verdiyini bildirib.
Baş nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda isə Baş nazir Əli əz-Zeydinin hadisə ilə bağlı araşdırmanın aparılması, yaralılara təxirəsalınmaz tibbi yardım göstərilməsi və həlak olan şəxslərin ailələrinə lazımi dəstəyin verilməsi barədə aidiyyəti qurumlara tapşırıqlar verdiyi qeyd olunub.