İsrailin Livana yönəlmiş hücumlarından sonra İran da İsrailə qarşı hərbi əməliyyatlar həyata keçirib. ABŞ Prezidenti Donald Trampın etirazlarına baxmayaraq, İsrail tərəfindən cavab zərbələri endirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ–İsrail və İran arasında gərginliyin azaldılması məqsədilə aparılan danışıqlar həlledici mərhələyə daxil olduğu bir vaxtda İsrailin Livana hücumları vəziyyəti daha da mürəkkəbləşdirib. İsrailin hərbi əməliyyatlarını davam etdirməsi fonunda İran da İsrail ərazisini hədəfə alıb.
Bunun ardınca İsrail tərəfindən cavab hücumu həyata keçirilib. Gecə saatlarında İran ərazisinə raket zərbələri endirilib. Paytaxt Tehranla yanaşı, Təbriz və İsfahan şəhərlərində ardıcıl partlayış səslərinin eşidildiyi bildirilib.
İran ordusunun yaydığı məlumatda İsrailin ballistik raketlərdən istifadə etməklə hücum təşkil etdiyi qeyd olunub.
Daha sonra İran Silahlı Qüvvələrinin açıqlamasında İsrailə qarşı hücumların dayandırıldığı bildirilib. Bununla yanaşı, rəsmi Tehran xəbərdarlıq edib ki, İsrailin Livana qarşı hərbi əməliyyatları davam edəcəyi təqdirdə, İran daha sərt və genişmiqyaslı cavab tədbirləri görəcək.