ABŞ-yə məxsus hərbi hücum helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ ordusuna məxsus hərbi hücum helikopterinin ötən gün Hörmüz boğazı yaxınlığında qəzaya uğradığı, helikopterdə olan iki ekipaj üzvünün isə təhlükəsiz şəkildə xilas edildiyi bildirilib.
ABŞ-nin The New York Times qəzetinin yaydığı məlumata görə, hadisə ilə bağlı məlumatlı iki rəsmi şəxs hərbi helikopterin Hörmüz boğazı yaxınlığında qəzaya uğradığını təsdiqləyib. Məlumata əsasən, helikopterdə olan iki ekipaj üzvü sağ-salamat xilas olunub.
“Apache” tipli helikopterin hansı səbəbdən qəzaya uğradığı hələlik dəqiqləşməyib. Rəsmi şəxslər helikopterin vurulub-vurulmadığı, texniki nasazlıqla üzləşib-üzləşmədiyi və ya qəzanın başqa səbəbdən baş verib-vermədiyi barədə dəqiq məlumatın olmadığını bildiriblər.
Qeyd olunub ki, ABŞ Ağ Evi və ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hadisə ilə bağlı şərh verməkdən imtina edib.