“iPhone”un istehsalçısı olan “Apple” şirkəti çip qıtlığını əsas gətirərək “MacBook” və “iPad” modellərinin qiymətini qlobal miqyasda 20 faiz artırıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, şirkət bu gün yaydığı açıqlamada istehlakçı texnologiyaları sektorunun misli görünməmiş çətinliklərlə üzləşdiyini bildirib. Qeyd olunub ki, çip və yaddaş qurğularının qiymətində sürətli artım müşahidə edilir və bu xərclər müştərilərə ötürülmək məcburiyyətində qalınır.
“Apple”ın baş icraçı direktoru Tim Kuk ötən həftə yaddaş və disk xərclərinin dayanıqsız səviyyədə artdığını, buna görə də məhsullarda qiymət artımının qaçılmaz olduğunu açıqlamışdı.
“Financial Times”ın məlumatına görə, “iPhone” qiymətlərində isə hələlik artım qeydə alınmayıb. “iPhone” şirkətin ümumi satış gəlirlərinin təxminən yarısını təşkil edir.
Yeni qiymət dəyişikliklərinə əsasən 512 GB “MacBook Air” 1 099 dollardan 1 299 dollara, 256 GB “iPad Pro” isə 999 dollardan 1 199 dollara yüksəlib. Şirkətin mart ayında təqdim etdiyi daha ucuz noutbuk modeli “MacBook Neo”nun qiyməti isə 25 faiz artaraq 599 dollardan 749 dollara çatıb.