ABŞ və İranın qarşılıqlı hücumları dayandırmaq barədə razılığa gəldiyi və bu həftə texniki danışıqları bərpa edəcəyi iddia olunur.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər iyunun 30-da Qətərin paytaxtı Doha şəhərində görüş keçirməyi planlaşdırır. Bildirilir ki, danışıqlarda əsas diqqət Hörmüz boğazındakı vəziyyətə və tərəflər arasındakı gərginliyin azaldılmasına yönələcək.
Məlumata görə, əvvəlcə İsveçrədə keçirilməsi nəzərdə tutulan texniki görüşlər bölgədə gərginliyin artması səbəbindən Dohaya köçürülüb.
Bununla yanaşı, İran rəsmisi Mehdi Fəzaili dövlət televiziyasına açıqlamasında İranın ABŞ-ın hücumları davam etdiyi və dondurulmuş aktivlərin azad olunması ilə bağlı konkret addım atılmadığı üçün planlaşdırılan texniki görüşdə iştirak etmədiyini bildirib.
Xatırladaq ki, tərəflər iyunun 21-də İsveçrədə yüksək səviyyəli danışıqlar aparmış, daha sonra texniki görüşlərin davam etdirilməsi barədə razılıq əldə etmişdilər.