Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas qardaş ölkə Türkiyə ilə bağlı mühüm fikirlər səsləndirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kaya Kallas bildirib ki, Türkiyə NATO-da mühüm strateji mövqeyə malikdir və Alyansın ikinci ən böyük ordusuna sahibdir.
Kallas Brüsseldə jurnalistlərə açıqlamasında Türkiyə–Avropa İttifaqı münasibətləri, NATO-nun Ankarada keçiriləcək Zirvə görüşü və Yaxın Şərqdəki son hadisələr barədə danışıb.
O bildirib ki, Avropa Komissiyasının genişlənmə məsələləri üzrə üzvü Marta Kos və daxili işlər və miqrasiya məsələləri üzrə üzvü Maqnus Brunnerlə birlikdə bu gün və sabah Türkiyəyə səfər edəcəklər.
"Türkiyə strateji əhəmiyyətə malik tərəfdaşdır. Miqrasiya ilə bağlı məsələlərlə yanaşı, müdafiə və regional sabitlik baxımından da mühüm ölkədir. Yaxın Şərqdə baş verən prosesləri nəzərə alsaq, Türkiyənin burada da vacib rolu var", – deyə Kallas bildirib.
O qeyd edib ki, keçiriləcək görüşlərdə nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafı məsələləri də müzakirə olunacaq.
"Yaxın Şərqlə yanaşı, Qafqaza nəzər saldıqda da Türkiyənin olduqca mühüm rol oynadığını görürük. Məhz buna görə bu görüşlərin keçirilməsi və birgə hansı addımların atıla biləcəyinin qiymətləndirilməsi böyük əhəmiyyət daşıyır", – deyə Kallas əlavə edib.
Kallas həmçinin vurğulayıb ki, "Türkiyə NATO Alyansının ikinci ən böyük ordusuna malikdir və çox güclü müdafiə sənayesi var. Ölkə NATO daxilində son dərəcə mühüm mövqeyə sahibdir".