Türkiyənin paytaxtı Ankara şəhərinin Mamak rayonunda minik avtomobilinin qarşı hərəkət zolağına çıxması nəticəsində xidmət mikroavtobusunun yoldan çıxaraq yamaca aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza zamanı 8 nəfər xəsarət alıb.
Məlumata görə, Ankara istiqamətində hərəkətdə olan 06 AEZ 826 dövlət qeydiyyat nişanlı xidmət mikroavtobusu yol-təmir işləri səbəbindən ayırıcı nişanlarla bölünmüş hissədə qarşı zolağa çıxan 06 EBS 694 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub.
Toqquşmanın təsirindən xidmət mikroavtobusu yoldan çıxaraq yol kənarındakı yamaca aşıb.
Hadisə yerinə çağırılan jandarma və təcili tibbi yardım briqadalarının ilkin araşdırması zamanı mikroavtobusda 6, minik avtomobilində isə 2 nəfərin xəsarət aldığı müəyyən edilib.
Yaralılar hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara çatdırılıblar.
Qəza ilə bağlı araşdırmalara başlanılıb. Qəzaya qarışan hər iki nəqliyyat vasitəsi evakuator vasitəsilə hadisə yerindən götürülüb.