Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Dnipro, Zaporojye, Xarkov və Sumı şəhərlərinə endirdiyi zərbələr nəticəsində 10 nəfər həlak olub, 47 nəfər yaralanıb. Hücumlar zamanı mülki infrastruktur obyektlərinə də ciddi ziyan dəyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya qüvvələri ötən gündən etibarən Ukraynanın bir neçə iri şəhərinə silsilə hücumlar həyata keçirib. Dnipro şəhərinə endirilən raket zərbəsi nəticəsində 6 nəfər həyatını itirib, 29 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Dnipropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Oleksandr Qanja bildirib ki, hücum nəticəsində istehsalat müəssisəsi, məktəb binası, yaşayış evləri və avtomobillər zədələnib.
Ukrayna Prezidenti Volodimir Zelenski hücumdan sonra verdiyi açıqlamada Rusiyanın Dnipro şəhərində mülki infrastrukturu hədəfə aldığını vurğulayıb.
“Rusiyanın Dniproya raket hücumu bir daha göstərir ki, Avropanın öz ballistik raketdən müdafiə sistemlərini və bu sahədə istifadə olunan raketləri inkişaf etdirməsi həyati əhəmiyyət daşıyır”, – deyə Zelenski bildirib.
Ukrayna Prezidenti bütün hücumlara cavab veriləcəyini də vurğulayıb.
“Biz bunu edəcəyik. Məqsədimiz ilk növbədə Rusiya dövlət sisteminə və onun müharibəni davam etdirmək imkanlarına təsir göstərməkdir”, – deyə Zelenski əlavə edib.