ABŞ Prezidenti Donald Tramp NATO Zirvəsində iştirak etmək üçün gəldiyi Ankaradan qayıdarkən gözlənilmədən təyyarəsini dəyişib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp Türkiyəyə Qətər tərəfindən hədiyyə edilən "Boeing 747-8" tipli yeni təyyarə ilə gəlsə də, ABŞ-yə dönüş zamanı əvvəl istifadə etdiyi "Air Force One" təyyarəsinə minib.
Məlumata görə, bu qərar ABŞ Məxfi Xidmətinin təkidi ilə qəbul edilib. Bildirilir ki, təyyarənin dəyişdirilməsi İranla yenidən gərginləşən qarşıdurma fonunda təhlükəsizlik məqsədi daşıyıb.
Adlarının açıqlanmasını istəməyən mənbələrin bildirdiyinə görə, qərar konkret təhlükə ilə bağlı olmayıb. Onların sözlərinə görə, bu addım Məxfi Xidmətin tövsiyəsi əsasında ehtiyat tədbiri kimi atılıb.
Donald Tramp isə təhlükəsizlik səbəbi ilə təyyarəsini dəyişdiyi barədə iddiaları təkzib edib.
ABŞ Prezidenti bildirib ki, qərarın məqsədi yeni təyyarənin əvvəlcədən ABŞ-yə göndərilməsi və onun ölkədəki hərbi bazalara aparılaraq amerikalı hərbçilərə nümayiş etdirilməsi olub.