Beynəlxalq təhlükəsizlik paradiqmasının köklü dəyişikliklərə məruz qaldığı bir dövrdə Türkiyə yeni sistemin əsas aktorlarından birinə çevrilmək istiqamətində irəliləyir.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Universitetində keçirilən qərargah zabitlərinin məzuniyyət mərasimində çıxışı zamanı bildirib.
Ərdoğan məzun olan zabitləri təbrik edərək onların Türkiyə Silahlı Qüvvələrində və dövlət qarşısında yüksək məsuliyyət hissi ilə xidmət edəcəklərinə inandığını vurğulayıb.
“Bir qədər əvvəl diplomlarını alan zabitlər qərargah zabiti adı ilə Türkiyə Silahlı Qüvvələrimizə və dövlətimizə yüksək vəzifə şüuru ilə xidmət edəcəklər. Türk ordusunun ən güclü xüsusiyyətlərindən biri olan qərargah düşüncəsinə bilik və bacarıqları ilə ən böyük töhfəni verəcəklər”, – deyə Ərdoğan qeyd edib.
Türkiyə Prezidenti xarici ölkələrdən gələn hərbçiləri də təbrik edib və onların dostluq, həmrəylik və əməkdaşlıq əlaqələrinin daha da inkişafına töhfə verəcəklərinə inandığını bildirib.
Ərdoğan zabitlərin hazırlanmasında əməyi olan müəllimlərə təşəkkürünü çatdırıb, şəhidlərin xatirəsini yad edib və qazilərə minnətdarlığını ifadə edib.
O qeyd edib ki, millətin azadlığının rəmzi olan şəhidlər qəhrəmanlıqları və xatirələri ilə gələcək nəsillərə yol göstərməkdə davam edəcəklər.
Türkiyə Prezidenti Milli Müdafiə Universitetinin fəaliyyətindən danışaraq bildirib ki, iyulun 31-də qurumun yaradılmasının 10-cu ildönümü qeyd ediləcək.
Ərdoğan vurğulayıb ki, 10 il ərzində Milli Müdafiə Universiteti qlobal miqyasda seçilən təhsil müəssisələrindən birinə çevrilib.
“Vətəninə, millətinə və dövlətinə sevgi ilə bağlı, özünəinamlı və məsuliyyətli zabit və gizirlərin yetişdiyi bu ocaq qürur mənbəyidir. Universitetimiz hərbi mədəniyyətin inkişafına yönəlmiş yanaşmaları ilə mühüm missiyanı yerinə yetirir”, – deyə Ərdoğan əlavə edib.