Rusiya Prezidenti Vladimir Putin Ukrayna ordusunun Rusiyadakı enerji obyektlərinə endirdiyi zərbələrə sərt münasibət bildirərək, Moskvanın bu hücumlara mütləq cavab verəcəyini bəyan edib.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, Putin paytaxt Moskvada keçirilən Rusiya Xalq Cəbhəsi Hərəkatının tədbirində və sərgisində iştirak edib.
Tədbirdə çıxış edən Rusiya lideri Qərbin Rusiyaya qarşı mübarizə apardığını, buna baxmayaraq ölkə iqtisadiyyatının inkişaf etdirildiyini və Silahlı Qüvvələrin yenilənməsinin davam etdiyini bildirib.
Putin Ukrayna ordusunun Rusiyadakı neft emalı zavodlarına və neft anbarlarına endirdiyi zərbələrə də toxunaraq deyib ki, Rusiyanın enerji sektoru möhkəm təmələ və yüksək dayanıqlılığa malikdir.
"Onlar bizə neft məhsulları ilə bağlı müəyyən çətinliklər yaradırlar. Hesab edirəm ki, vəziyyət zaman keçdikcə normallaşacaq", – deyə Rusiya Prezidenti vurğulayıb.
Putin Moskvanın bu hücumlara sərt cavab verəcəyini bir daha diqqətə çatdıraraq bildirib:
"Biz hər zaman cavab zərbələri endirəcəyik. Hücumlara layiqli cavab veriləcək. Lakin cavabımız daha sərt olacaq. Düşmən bunu artıq hiss edir və gələcəkdə bunu daha çox hiss edəcək".