Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə endirdiyi hava zərbələri nəticəsində 5 mülki şəxsin həlak olduğu, 56 nəfərin isə yaralandığı bildirilir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin (DSNS) sosial şəbəkə hesabında yayımlanan açıqlamada Rusiya ordusunun ötən gecədən etibarən ölkəyə hava hücumları həyata keçirdiyi qeyd olunub. Hücumların paytaxt Kiyev də daxil olmaqla, Ukraynanın müxtəlif bölgələrini hədəf aldığı bildirilib.
Açıqlamaya görə, hücumlar nəticəsində 4 nəfər həlak olub, 35 nəfər yaralanıb.
Kiyev şəhərinin meri Vitali Kliçko da sosial şəbəkə hesabında paylaşım edərək Rusiyanın gecə saatlarında paytaxta endirdiyi zərbələr nəticəsində bir nəfərin öldüyünü, 21 nəfərin yaralandığını bildirib.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının açıqlamasına əsasən, Rusiyanın hücumlarda istifadə etdiyi müxtəlif tipli 186 pilotsuz uçuş aparatından (PUA) 150-si məhv edilib.
Məlumatda Rusiya ordusunun hücumlar zamanı raketlərdən də istifadə etdiyi və Ukraynanın müxtəlif bölgələrinə hava zərbələrinin davam etdiyi vurğulanıb.