Təxminən 200 min nəfərin məlumatlarının araşdırıldığı elmi tədqiqat gec saatlarda yemək yeməklə qaraciyər xəstəlikləri arasında əlaqə olduğunu üzə çıxarıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmaya görə, bu vərdiş qaraciyər xəstəlikləri riskinin 20–30 faiz daha yüksək olması ilə əlaqələndirilir.
ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetinin (OHSU) apardığı genişmiqyaslı araşdırma göstərib ki, axşam yeməyindən sonra və ya yatmağa yaxın müntəzəm qidalanan insanlarda qaraciyər xəstəliklərinə daha çox rast gəlinə bilər.
Clinical Gastroenterology and Hepatology jurnalında dərc olunan tədqiqat gec saatlarda yemək yeməklə iki xəstəlik — qaraciyər piylənməsi və sirroz arasında əlaqə müəyyən edib. Sirroz qaraciyərin uzunmüddətli zədələnməsi nəticəsində quruluşunun pozulduğu ciddi xəstəlikdir. Tədqiqatda gec saatlarda qidalanma axşam yeməyindən sonra və ya yatmazdan əvvəl hər hansı qida qəbul etmək kimi müəyyənləşdirilib.
Əvvəlki araşdırmalarda gecə qəlyanaltılarının piylənmə və ürək xəstəlikləri ilə əlaqəli ola biləcəyi göstərilmişdi. Yeni tədqiqatda isə alimlər bu vərdişin qaraciyər problemləri ilə əlaqəsini araşdırıblar.
Tədqiqatın aparıcı müəllifi, OHSU-da qaraciyər xəstəlikləri və qaraciyər transplantasiyası üzrə ixtisaslaşmış həkim Robert Vaylehanski bildirib ki, əvvəlki bəzi araşdırmalar da belə bir ehtimala işarə edib. Onun sözlərinə görə, yeni tədqiqat gec saatlarda qidalanma ilə qaraciyər piylənməsi arasındakı əlaqəni uzun müddət ərzində araşdıran ilk tədqiqatlardan biridir.