Yeni Zelandiyada yerləşən Uakari (Ağ Ada) vulkanının davamlı kül püskürtməsi səbəbindən vulkan təhlükəsi üzrə xəbərdarlıq səviyyəsi 2-dən 3-ə qaldırılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər vulkanın fasiləsiz olaraq az miqdarda kül püskürtdüyünü bildiriblər.
Rəsmilərin sözlərinə görə, vulkanın fəal kraterində temperatur ötən həftədən bəri təxminən 100 dərəcədən 395 dərəcəyədək yüksəlib. Bununla əlaqədar vulkan təhlükəsi üzrə xəbərdarlıq səviyyəsi 2-dən 3-ə, aviasiya üçün təhlükə rəng kodu isə sarıdan narıncıya qaldırılıb.
Mütəxəssislər hazırkı vulkanik fəallığın Yeni Zelandiyanın əsas ərazisi üçün ciddi təhlükə yaratmadığını bildiriblər. Bununla belə, daha güclü püskürmələrin qəfil baş verə biləcəyi və bəzi ərazilərdə insanların həyatı üçün təhlükə törədə biləcəyi barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, Uakari vulkanı 2019-cu ilin dekabrında püskürüb. Faciə nəticəsində 22 turist həlak olub, 25 nəfər isə ağır xəsarət alıb.