logo
logo logo
logo

Sədərək rayonunda şəhidlərimizin xatirəsi yad edildi - FOTOLAR

14:24 - 21 Oktyabr 2026

Sədərək rayonunda şəhidlərimizin xatirəsi yad edildi - FOTOLAR

Sədərək Rayon İcra Hakimiyyətinin və  “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyi  birgə təşkilatçılığı ilə Sədərək rayonundan olan şəhidlərin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.


Manset.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Sədərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, icra başçısının səlahiyyətlərini müvəqqəti icra edən Yusif Seyidov, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri Mayis Gülməmmədov və Birliyin həmtəsisçisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Üzeyir Məmmədov çıxış ediblər.

Çıxışlarda Sədərəyin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixində tutduğu mühüm yerə toxunulub, rayon sakinlərinin ağır sınaqlarla üzləşdikləri dövrlərdə nümayiş etdirdikləri dözüm, iradə və vətənpərvərlikdən bəhs edilib. Bildirilib ki, şəhidlərimizin həyat yolu yalnız qəhrəmanlıq nümunəsi deyil, həm də gələcək nəsillərə Vətən sevgisini, torpağa bağlılığı və milli birliyi aşılayan mənəvi məktəbdir.

Tarixi faktlara əsaslanan çıxışlarda Sədərəyin müdafiəsi ilə bağlı hadisələrə, Azərbaycanın müstəqilliyinin qorunması uğrunda mübarizəyə və ölkəmizin ərazi bütövlüyünün bərpasına aparan tarixi yola nəzər salınıb.

1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü Naxçıvan üçün də ciddi təhlükə yaradıb. Sərhəd bölgəsində yerləşən Sədərək də həmin dövrdə ağır sınaqlarla üzləşib. Sədərək sakinlərinin, könüllülərin və müdafiəçilərin doğma torpaqların qorunması naminə göstərdikləri fədakarlıq rayonun müasir tarixində xüsusi yer tutur. Naxçıvanın blokada şəraitində yaşadığı çətin illərdə əhalinin birlik və müqavimət əzmi diyarın müdafiəsində mühüm rol oynayıb.

Çıxışlarda Birinci Qarabağ müharibəsindən sonrakı dövrdə də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin davam etdiyi vurğulanıb. Sərhədlərin müdafiəsi zamanı, hərbi toqquşmalarda və müxtəlif döyüş əməliyyatlarında həlak olan hərbçilərimizin fədakarlığı xatırladılıb. Qeyd olunub ki, şəhidlərimizin hər biri Azərbaycanın azadlığı və təhlükəsizliyi naminə öz həyatını qurban verib, onların xatirəsinin yaşadılması isə ümumxalq mənəvi borcudur.

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın hərb tarixinə şanlı Zəfər kimi yazılıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızın azadlığı uğrunda döyüşərək tarixi qələbə qazanıb. Noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin taleyində həlledici əhəmiyyət daşıyıb. Bu Zəfər xalqımızın birliyini, ordumuzun gücünü və şəhidlərimizin qanı bahasına əldə olunan qələbənin əhəmiyyətini bir daha nümayiş etdirib.

2023-cü il sentyabrın 19–20-də Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi tam bərpa olunub. Bu tarixi hadisə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətində mühüm mərhələ kimi qiymətləndirilib. Əməliyyat zamanı qəhrəmanlıq

göstərən hərbçilərimizin şücaəti, dövlətimizin suverenliyinin qorunması naminə canlarından keçən şəhidlərimizin fədakarlığı xüsusi vurğulanıb.

Qeyd olunub ki, bütün bu tarixi mərhələlərdə Sədərək rayonu Vətən uğrunda 68 şəhid verib. Onların hər birinin həyat və döyüş yolu Azərbaycanın qəhrəmanlıq salnaməsinin ayrılmaz hissəsidir. Şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, onların Vətənə sədaqəti gənc nəsillər üçün örnək olacaq.

Tədbir çərçivəsində Sədərək rayonundan olan şəhidlərə həsr edilmiş videoçarx və 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini əks etdirən sənədli film nümayiş olunub. Məktəblilərin ifasında Vətənə, torpağa və şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş şeirlər dinlənilib.

Sonda şəhid ailələri ilə görüş keçirilib, xatirə fotosu çəkdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az