ABŞ-də 12 ştatın baş prokuroru "Paramount Skydance" şirkətinin "Warner Bros. Discovery"ni satın almasının qarşısını almaq məqsədilə antiinhisar iddiası qaldırıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kaliforniya da daxil olmaqla 12 ştatın baş prokurorları 110 milyard dollar dəyərində qiymətləndirilən birləşmənin film yayımı və kabel televiziyası bazarında rəqabəti əhəmiyyətli dərəcədə zəiflədəcəyini bildirirlər.
Kaliforniya ştatının baş prokuroru Rob Bontanın yaydığı açıqlamada bu razılaşma "Hollivud tarixinin ən böyük birləşməsi" kimi qiymətləndirilib.
Bəyanatda qeyd olunub ki, sözügedən birləşmə nəticəsində Hollivudun beş ən iri film distribütorundan ikisi, eləcə də beş ən böyük əsas kabel televiziya şəbəkəsi sahibindən ikisi eyni şirkətin tərkibində fəaliyyət göstərəcək. Bu isə media bazarında rəqabətin azalması ilə bağlı ciddi narahatlıqlar yaradır.