ABŞ-nin Nyu-York şəhərində yerləşən Sotheby’s hərrac evində yaşı təxminən 67 milyon il olan Tyrannosaurus rex skeleti satışa çıxarılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, indiyədək aşkar edilmiş ən böyük və ən tam skeletlərdən biri hesab olunan “Qas” (Gus) adlı dinozavr skeleti 10 dəqiqə davam edən və 7 nəfərin iştirak etdiyi hərracın yekununda 50,1 milyon dollara satılıb. Təxminən 4 metr hündürlüyündə olan skelet bununla da hərrac tarixində satılan ən bahalı dinozavr fosili kimi rekord müəyyənləşdirib.
Skeletə “Qas” adı onun 2021–2023-cü illərdə aşkar edilərək qazıntılar aparıldığı torpaq sahəsinin sahibi Qari “Qas” Likinqin (Gary “Gus” Licking) şərəfinə verilib. Mütəxəssislər fosilin 20–30 milyon dollar arasında satılacağını proqnozlaşdırırdılar.
Qeyd edək ki, dinozavr skeleti 2021-ci ildə ABŞ-ın Cənubi Dakota ştatındakı fermalardan birində aşkar edilib. 2023-cü ilə qədər davam edən qazıntılar nəticəsində skelet tam şəkildə çıxarılıb. Onun laboratoriya şəraitində yenidən birləşdirilməsi isə üç il çəkib.
Bundan əvvəlki satış rekordu da Sotheby’s hərrac evinə məxsus idi. Belə ki, 2024-cü ildə keçirilən hərracda “Apex” adlı steqozavr fosili 44,6 milyon dollara satılaraq həmin dövr üçün rekord qiymətə alıcı tapmışdı.