ABŞ-də İsrailə münasibətin dəyişməyə başladığı müşahidə olunur. ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Təl-Əviv rəhbərliyinə ünvanladığı sərt tənqidlər iki müttəfiq ölkə arasında yaranmış ciddi fikir ayrılıqlarını, həmçinin Baş nazir Benyamin Netanyahu hökumətinin Vaşinqtonda nüfuzunu itirdiyini bir daha nümayiş etdirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, son dövrlər İsrailə yönəlmiş tənqidlərini intensivləşdirən ABŞ-nin vitse-prezidenti Cey Di Vens əvvəlki gün komediya ustası Co Roqanın podkastında çıxışı zamanı Təl-Əviv rəhbərliyini növbəti dəfə sərt şəkildə tənqid edib.
Vens bildirib ki, İsrail ABŞ-də ictimai rəy uğrunda mübarizədə məğlub olur.
“Bu, cəmi 9 milyon əhalisi olan bir ölkədir. Bizim isə 330 milyon əhalimiz var. Əlbəttə ki, onlar amerikalıları öz mövqelərinə inandırmağa çalışacaqlar”, – deyə vitse-prezident vurğulayıb.
O, həmçinin qeyd edib ki, İsrail ABŞ siyasətinə təsir göstərmək baxımından əksər ölkələrlə müqayisədə daha böyük imkanlara malikdir.