Amerika Ürək Assosiasiyasının yayımladığı yeni elmi hesabata görə, gündə beş fincana qədər süzülmüş qəhvə istehlakı insult, 2-ci tip şəkərli diabet və ürək çatışmazlığı riskinin azalmasına kömək edə bilər. Bununla yanaşı, mütəxəssislər qəhvənin hazırlanma üsulunun və istehlak edilən növünün bu müsbət təsirdə həlledici rol oynadığını vurğulayıblar.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, uzun illər davam edən ziddiyyətli tövsiyələrdən sonra dərc edilən genişmiqyaslı araşdırma kofeinlə ürək sağlamlığı arasındakı əlaqəyə daha aydın baxış təqdim edib.
Amerika Ürək Assosiasiyası bildirib ki, mütəxəssislərin və həkimlərin uzun illər ürək xəstələrinə stimullaşdırıcı maddələrdən uzaq durmaları ilə bağlı tövsiyələri yenidən nəzərdən keçirilib.
Araşdırmanın nəticələrinə əsasən, qəhvənin müntəzəm və ölçülü şəkildə istehlakı hətta ürək ritm pozuntusuna görə müalicə almış şəxslərdə belə xəstəliyin yenidən baş vermə ehtimalını əhəmiyyətli dərəcədə azaldır.
Bununla yanaşı, müntəzəm qəhvə istehlakının 2-ci tip şəkərli diabetin inkişaf riskini də nəzərəçarpacaq dərəcədə azaltdığı müəyyən edilib.
Mütəxəssislərin fikrincə, qəhvənin sağlamlığa müsbət təsiri onun hazırlanma üsulundan birbaşa asılıdır. Araşdırma müəllifləri bildirirlər ki, ürək sağlamlığını dəstəkləyən bu təsir yalnız kağız filtrdən istifadə edilməklə dəmlənən və ya hazır qəhvə növlərinə aiddir.
Fransız presi, espresso və türk qəhvəsi kimi süzülmədən hazırlanan qəhvə növlərində qəhvə dənələrinin tərkibində təbii şəkildə olan kafestol maddəsi saxlanılır.
Mütəxəssislər qeyd edirlər ki, kafestol zamanla damarların tutulmasına səbəb ola bilən aşağı sıxlıqlı lipoprotein (LDL) xolesterinin, yəni "pis" xolesterolun səviyyəsini artıra bilər. Buna görə də qəhvənin hazırlanma üsulu onun faydalı və ya zərərli təsir göstərməsində mühüm rol oynayır.
Araşdırmada vurğulanır ki, təbii qəhvə dənələrinin faydaları yüksək konsentrasiyalı süni kofein ehtiva edən məhsullara aid deyil. Enerji içkiləri, kofein həbləri və yüksək dozalı kofein tərkibli "şot" məhsulları hətta sağlam insanlarda belə arterial təzyiqin qəfil yüksəlməsinə və ürək ritminin pozulmasına səbəb ola bilər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, enerji içkilərinin həddindən artıq istehlakı həyati təhlükə yaradan ürək ritm pozuntularına, hətta ürəyin dayanmasına gətirib çıxara bilər.
Qəhvənin orqanizmə təsiri isə insandan insana dəyişir. Qaraciyərdə fəaliyyət göstərən fermentlərin genetik xüsusiyyətləri kofeinin orqanizmdə hansı sürətlə parçalandığını müəyyənləşdirir.
Bu səbəbdən bəzi insanlar gündə beş fincan qəhvəyə bərabər miqdarda kofeini heç bir problem yaşamadan qəbul edə bildiyi halda, digərlərində daha az miqdar belə yuxu pozğunluqlarına, əsəbilik və arterial təzyiqdə dəyişikliklərə səbəb ola bilər.
Mütəxəssislər ürək-damar xəstəliklərindən və ya digər xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərə gündəlik kofein qəbulunun təhlükəsiz həddini həkimlə məsləhətləşərək müəyyənləşdirməyi tövsiyə edirlər.