logo
logo logo
logo

Pedaqoji universitetdən BİABIRÇI GÖRÜNTÜLƏR - Tələbələr danışdı (VİDEO) 

13:24 - 20 Oktyabr 2026

Pedaqoji universitetdən BİABIRÇI GÖRÜNTÜLƏR - Tələbələr danışdı (VİDEO) 

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələr tədris binalarının vəziyyətindən narazıdırlar.


Manset.az xəbər verir ki, tələbələrin sözlərinə görə, universitetdə sanitar qovşaqların, dəhlizlərin və pilləkənlərin vəziyyəti ürəkaçan deyil. Ayaqyolu qapılarının xarab olması, tavanlardan su damması, otaqların divarlarının çatlaması və dəhlizlərdə döşəmə örtüklərinin sökülməsi əsas problemlər sırasındadır.

Tələbələrdən biri vəziyyəti belə təsvir edib:

“Vəziyyət bərbad gündədir. Ayaqyolu pis gündədir, heç kim girə bilmir. Dəhlizlər pis gündədir. Pilləkəni qalxmaq olmur, qalxan kimi yıxılırsan. İllik haqqı da ödəyirik, 2300 manat illik ödəyirik, amma ortada heç nə yoxdur”.

Digər tələbələr də sanitar qovşaqlardakı problemlərdən şikayətləniblər. Onlar otaqların divarlarında çatların yarandığını, döşəmə örtüklərinin söküldüyünü və bəzi hallarda ayaqyollarından otaqlara xoşagəlməz qoxunun gəldiyini bildiriblər.

Şikayətlərlə bağlı universitetə müraciət edilib.

Universitetdən bildirilib ki, tədris binalarında təmir və abadlıq işləri mərhələli şəkildə həyata keçirilir. Hazırda əsas tədris binasında cari təmir işləri aparılır. Digər tədris binalarında da təmirə ehtiyac olduğu, xüsusilə ikinci tədris binasında kosmetik təmir işlərinin görülməsinin nəzərdə tutulduğu qeyd edilib.

Rəsmi açıqlamada Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturu tərəfindən binalara baxış keçirildiyi və onların yararlılığı barədə müvafiq rəy verildiyi bildirilib.

Dam örtüyü ilə bağlı məsələyə münasibət bildirən universitet qeyd edib ki, yağış sularının axıdılması üçün nəzərdə tutulan novlarda yarpaq, toz və digər tullantıların toplanması suyun axınını çətinləşdirə və bəzi hallarda cüzi sızmalara səbəb ola bilər. Problemin qarşısını almaq üçün novların mütəmadi təmizləndiyi və profilaktik tədbirlərin görüldüyü vurğulanıb.

Universitetdən, həmçinin sanitar qovşaqların təmizliyinə və texniki vəziyyətinə nəzarət edildiyi, problem aşkarlandıqda onun aradan qaldırılması üçün müvafiq tədbirlərin görüldüyü bildirilib.

Beləliklə, ADPU tələbələrin şikayətləri fonunda təmir işlərinin mərhələli şəkildə davam etdirildiyini açıqlayıb. Tələbələrin sadaladığı problemlərin nə dərəcədə aradan qaldırılacağı isə görüləcək işlərin nəticəsindən asılı olacaq.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az