Avstraliya Dərman Vasitələri İdarəsi (TGA) tip 2 diabet və piylənmənin müalicəsində istifadə olunan GLP-1 preparatları ilə bağlı xəbərdarlıq yayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qurumun açıqlamasında bildirilib ki, sözügedən preparatlar nadir hallarda qeyri-arteritik ön işemik optik neyropatiya (NAION) adlanan ciddi göz xəstəliyinə səbəb ola bilər.
Xəbərdarlıqda qeyd olunub ki, NAION daimi görmə pozğunluğuna, o cümlədən korluğa gətirib çıxara bilər. Həmçinin vurğulanıb ki, hazırda bu xəstəlik nəticəsində yaranan görmə itkisini bərpa edən təsdiqlənmiş müalicə üsulu mövcud deyil.
TGA GLP-1 preparatlarından istifadə edən şəxslərə görmədə hər hansı zəifləmə və ya görmə itkisi müşahidə etdikləri halda preparatın qəbulunu dərhal dayandırmağı və təcili şəkildə tibb müəssisəsinə müraciət etməyi tövsiyə edib.