Google ən güclü modeli hesab olunan "Gemini 3.6 Flash", kibertəhlükəsizlik sahəsi üçün xüsusi hazırlanmış "Gemini 3.5 Flash Cyber" və "Gemini 3.5 Flash-Lite" olmaqla üç yeni süni intellekt modelini istifadəyə təqdim edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, şirkət bu addımla proqram təminatındakı təhlükəsizlik boşluqlarını aşkar etmək imkanları ilə seçilən rəqibləri "Anthropic" və "OpenAI" ilə rəqabətdə mövqeyini daha da gücləndirməyi hədəfləyir.
Süni intellekt modellərinin reytinq göstəricilərinə əsasən, "Gemini 3.6 Flash" proqramlaşdırma və maliyyə əməliyyatları sahəsində yüksək məhsuldarlıq nümayiş etdirən əvvəlki Flash versiyasının imkanlarını daha da genişləndirir. Bildirilir ki, yeni model istifadəçilər üçün daha aşağı xərc tələb edir.
Google-un açıqlamasına görə, "Gemini 3.5 Flash Cyber" modeli təhlükəsizlik boşluqlarının aşkar edilməsi və aradan qaldırılması proseslərini digər iri həcmli modellərlə müqayisədə daha aşağı xərclə həyata keçirə bilir.
Təqdim olunan üçüncü model – "Gemini 3.5 Flash-Lite" isə rəqəmsal fərdi köməkçi kimi fəaliyyət göstərən avtonom süni intellekt agentlərinin idarə olunması kimi vəzifələr üçün hazırlanıb.
"Google"un "Gemini" məhsulları üzrə baş direktor müavini Tulsi Doşi bildirib ki, yeni Flash modelləri məhsuldarlıq və keyfiyyət arasında optimal tarazlığı təmin etmək məqsədilə hazırlanıb.
Şirkətin ən yüksək performanslı sistemi olması gözlənilən "Gemini 3.5 Pro" modeli üzərində işlər isə davam edir.
"Google" may ayında bu modelin iyun ayında istifadəyə veriləcəyini açıqlamışdı. Şirkət hazırda sınaq proseslərinin davam etdiyini, model tam hazır olduqdan sonra geniş istifadəçi auditoriyasına təqdim ediləcəyini bildirib.