"Apple"ın uzun müddətdir gözlənilən ilk qatlanan smartfonunu sentyabrın 9-da keçirilməsi planlaşdırılan və “Surprise and shine” şüarı ilə təqdim olunacaq tədbirdə iPhone 18 seriyası ilə birlikdə nümayiş etdirə biləcəyi bildirilir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, “iPhone Fold” və ya “iPhone Ultra” adlandırılacağı ehtimal edilən yeni model Tim Kukun baş icraçı direktor vəzifəsini Con Ternusa təhvil verməsindən sonra keçiriləcək ilk böyük təqdimat tədbiri olacaq.
Bununla belə, yeni texnologiyaya sahib olmaq üçün istifadəçilərin həm bir qədər gözləməli, həm də kifayət qədər böyük məbləğ ödəməli olacağı bildirilir.
Cihazın 2 000-2 500 dollar aralığında qiymətlə satışa çıxarılacağı bildirilir. Qiymətin kifayət qədər yüksək olmasına baxmayaraq, bazar araşdırmaçıları nikbindir. IDC-nin məlumatlarına görə, qatlanan iPhone modelinin təqdim edilməsi dünya üzrə qatlanan smartfon bazarının 19 faiz böyüməsinə səbəb ola bilər. Apple isə təkbaşına bu bazarın dörddə birinə nəzarət edə bilər.