İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası çərçivəsində ABŞ ilə qurulan əlaqələrin Qətərin vasitəçiliyi ilə həyata keçirildiyini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Bəqayi: "Bu qarşılıqlı əlaqə bütün cəbhələrdə müharibənin başa çatdırılması və şərtlərimizin çatdırılması məqsədilə təmin edilib", - deyə qeyd edib.
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff isə məsələ ilə bağlı deyib: "Vasitəçilər hər iki tərəf arasında mekik diplomatiyası apararaq konstruktiv və ümidverici nəticələr verəcəyini gözlədiyimiz danışıqlar mərhələsini uğurla yekunlaşdırdılar".
BMT Baş Assambleyası çərçivəsində ABŞ ilə qurulan təmaslarla bağlı İran tərəfindən rəsmi açıqlama verilib. İranın dövlət xəbər agentliyi IRNA-ya müsahibə verən İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi təmasların Qətərin vasitəçiliyi ilə baş tutduğunu vurğulayaraq bildirib: "Bu qarşılıqlı əlaqə bütün cəbhələrdə müharibənin dayandırılması, ABŞ-nin təcavüzkar əməllərinin, dəniz blokadasının və iqtisadi müharibəsinin sonlandırılması, eləcə də dondurulmuş İran aktivlərinin azad edilməsi daxil olmaqla, şərtlərimizin qarşı tərəfə çatdırılması məqsədilə həyata keçirilib".
Bəqayi əlavə edib: "Bu, əslində yeni bir məsələ deyildi. Keçən həftə ərzində İranın Hörmüz boğazı, bölgənin təhlükəsizliyi və diplomatiya şərtləri ilə bağlı mövqeyi və baxışları artıq ifadə olunmuşdu. İndi isə İran nümayəndə heyətinin Nyu-Yorkda olmasından fürsət kimi istifadə edilərək bu məsələlər Amerika tərəfinə bir daha açıq şəkildə çatdırıldı".