Ermənistanın Korrupsiyaya Qarşı Məhkəməsinin hakimi Sarkis Petrosyan ölkənin üçüncü prezidenti Serj Sarkisyan barəsində tətbiq edilmiş ölkədən çıxış qadağasını ləğv edib.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, məhkəmə eyni zamanda müdafiə tərəfinin cinayət işinə xitam verilməsi ilə bağlı vəsatətini rədd edib.
Sarkisyanın vəkilləri əvvəlki iclasda cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırmışdılar.
Serj Sarkisyan barəsində cinayət təqibi Gümrüdəki “Sev Berd” (“Qara qala”) qalasının özgəninkiləşdirilməsi ilə bağlı iş üzrə aparılır. İş Sarkisyanın 2000-2007-ci illərdə Ermənistanın müdafiə naziri olduğu dövrü əhatə edir.
Sarkisyana vəzifəli şəxs tərəfindən hakimiyyətdən və ya xidməti səlahiyyətlərdən, yaxud bunlardan irəli gələn nüfuzdan sui-istifadə etmək və ya səlahiyyətləri aşmaq, ehtiyatsızlıqdan digər ağır nəticələrə səbəb olmaq ittihamı irəli sürülüb.
Serj Sarkisyan vaxtilə Qarabağdakı qanunsuz separatçı rejimin rəhbərlərindən biri kimi Azərbaycan torpaqlarının işğalında, dinc azərbaycanlılara qarşı kütləvi qırğınların (o cümlədən Xocalı faciəsinin) təşkilində və idarə olunmasında iştirak edib.