Aİ ölkələri ukraynalılara müvəqqəti müdafiə verməyə razılaşdı

23:21 - 03 Mart 2022

Aİ ölkələri ukraynalılara müvəqqəti müdafiə verməyə razılaşdı

Avropa İttifaqına (Aİ) üzv ölkələr müharibədən qaçan ukraynalıların müvəqqəti müdafiəsini nəzərdə tutan Aİ-nin Müvəqqəti Mühafizə Direktivini aktivləşdirmək üçün siyasi konsensus (razılıq) əldə ediblər.

Manşet.az xəbər verir ki, bu barədə Aİ Daxili İşlər Nazirləri Toplantısından sonra Aİ prezidenti, Fransanın daxili işlər naziri Cerald Darmanin bildirib.

"Bu gün bu mövzuda uzun müzakirələrimiz oldu. Müzakirələr nəticəsində böyük bir barışıq ruhu ortaya çıxdı. Nəticədə biz tarixi razılaşma əldə etdi”, - Darmanin deyib.

Müvəqqəti qoruma təklifini təqdim edən Aİ Komissiyasının daxili işlər üzrə məsul üzvü Ylva Yohansson yekdilliklə konsensusun əldə edildiyini qeyd edib.

Aİ ölkələrindən ibarət Aİ Şurası bugünkü razılaşma ilə təklifi qısa müddətdə qəbul edib. Şura tərəfindən bir neçə gün ərzində rəsmi olaraq qəbul edilərək qüvvəyə minməsi gözlənilən direktivlə müharibədən qaçan ukraynalılara və onların ailələrinə müvəqqəti qoruma statusu veriləcək.

Bununla ukraynalılar Aİ ölkələrində yaşamaq icazəsi ala, təhsil və səhiyyə xidmətlərindən yararlana, iş tapa və işləyə biləcəklər. Ukraynalılara sosial yardım, mənzil yardımı və dolanışıq yardımı kimi imtiyazlar da veriləcək. Ukraynada qanuni olaraq yaşayan beynəlxalq qoruma altında olan Ukrayna vətəndaşı olmayan şəxslər ya direktiv çərçivəsində, ya da üzv dövlətlərin milli qanunları çərçivəsində bu imkanlardan yararlana biləcəklər.

Məlumat üçün bildirək ki, Ukraynada yaşayan və ya işləyən, lakin Ukrayna vətəndaşı olmayan şəxslər, məsələn, tələbələr bu direktivlə əhatə olunmayacaqlar. Aİ ölkələri bu insanların öz ölkələrinə qayıtmasına kömək edəcək.

Müvəqqəti mühafizə birinci mərhələdə 1 il müddətinə veriləcək, daha sonra vəziyyətdən asılı olaraq 2 dəfə 6 ay müddətinə uzadılması mümkün olacaq.

Aİ və Ukrayna arasında viza liberallaşdırılması sazişi sayəsində Ukrayna vətəndaşları Aİ ölkələrində 90 gün vizasız qala bilərlər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az