Hindistanda yaşayan Şəfiyyə adlı qadın yol qəzasından sonra komada olarkən qız uşağı dünyaya gətirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Hindistanın Uttar-Pradeş ştatında yaşayan Şəfiyə adlı qadın əri ilə keçirdiyi avtomobil qəzasından sonra hamiləliyinin 40-cı günündə komaya düşüb. Təxminən 7 aya yaxın komada olan Şəfiyyə doğuş edərək qızını qucağına alıb. Ananı komadan oyatmadan gerçəkləşən doğuşda körpənin səhhətinin yaxşı olduğu bildirilib.
Mart ayında motosikletdən yıxılaraq ağır kəllə-beyin travması alan qadın huşunu itirərək komaya düşüb. Xəstəxanada müalicə aldığı müddətdə Şəfiyyə beş müxtəlif nevroloji əməliyyat keçirib. Həkimlər əvvəlcə Şəfiyyənin vəziyyətinə görə hamiləliyini dayandırmağı düşünsələr də, analizlərin nəticələrindən və ailənin qərarından sonra hamiləlik davam edib. Aylarla süni nəfəs aparatında qalmasına və beynindəki təzyiqi azaltmaq üçün kəllə sümüyünün bir hissəsini çıxarmasına baxmayaraq, 23 yaşlı qadın qızını dünyaya gətirə bilib. Körpənin səhhətinin yaxşı olduğu bildirilərkən, həkimlər tərəfindən ananın komadan çıxma şansı 10-15% arasında olduğu bildirilib.